Şəhriyar Rəcəbli və Ruslan Huseynov tərəfindən hazırlanmış Cənubi Qafqaz üçün süni intellekt əsaslı bina aşkarlama (GeoAI) modelininin təqdimatını həyata keçiriblər. Layihə Azərbaycanın peyk məlumatları üzərində qurulmuş ilk irimiqyaslı dərin öyrənmə əsaslı məkan analizi təşəbbüslərindən biri kimi beynəlxalq auditoriyaya təqdim edilmişdir.
Layihənin əsas məqsədi minlərlə bina obyektinin əl ilə xəritələşdirilməsinə olan ehtiyacı aradan qaldırmaq, peyk təsvirləri əsasında avtomatik, sürətli və yüksək dəqiqlikli xəritə istehsalını mümkün etməkdir. Bunun üçün Maxar və Airbus şirkətlərinin 30 sm ölçülü peyk təsvirləri üzərində on minlərlə real bina konturu ilə öyrədilmiş dərin öyrənmə modeli hazırlanmışdır.
Model hazır proqram alətlərindən istifadə edilmədən, tamamilə ArcGIS API for Python əsaslı süni intellekt kitabxanası üzərindən sıfırdan kodlanmış və öyrədilmişdir. Bu yanaşma modelin tam nəzarətli, çevik və miqyaslana bilən şəkildə qurulmasına imkan vermiş və onu peşəkar GeoAI həllinə çevirmişdir.
Təqdimatda modelin Azərbaycan üzrə müxtəlif regionlarda və fərqli məkan miqyaslarında, o cümlədən həm 30 sm peyk təsvirlərində, həm də 10 sm ortofotolarda uğurla işlədiyi göstərilmiş və bununla da texnologiyanın yüksək dəqiqlik və rezolyusiyalararası ümumiləşmə qabiliyyəti nümayiş etdirilmişdir. Əldə edilən nəticələr bina konturlarının təxminən 82% dəqiqliklə avtomatik aşkarlana bildiyini təsdiqləmişdir.
Bu uğur GeoAI texnologiyalarının Azərbaycanda real istehsal mərhələsinə keçdiyini, ölkəmizin artıq yalnız xarici həlləri istifadə edən deyil, qlobal səviyyədə süni intellekt əsaslı məkan texnologiyaları yaradan tərəfdaş kimi çıxış etdiyini göstərir. Layihə kadastr, şəhərsalma, torpaq idarəçiliyi, bərpa və yenidənqurma, infrastruktur planlaması və milli məkan məlumatları sistemləri üçün strateji əhəmiyyət daşıyan yeni nəsil texnoloji baza formalaşdırır.