Milli Qeydiyyat Sistemi (MQS) 2006-cı ildə ƏMDX
tərəfindən hazırlanıb istifadəyə verilmişdir. Daşınmaz
əmlakla bağlı hüquqların qeydiyyatı üçün istifadə
olunur. MQS Oracle məlumat bazası ilə birlikdə
Müştəri-Server arxitekturası əsasında qurulub və Delfidə
proqramlaşdırılıb. Qeydiyyatla bağlı sənədləri çap
etmək, hesabat hazırlamaq imkanları mövcuddur. Sistem 29
dövlət qrumu ilə inteqrasiya edilərək məlumat mübadiləsi
təmin edilmişdir. MQS hazırda əsasən Daşınmaz Əmlakın
Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən
vətəndaşların daşınmaz əmlaklarının qeydiyyatı
əməliyyatları üçün istifadə olunur.
E-hərrac platforması daşınmaz əmlakın və digər
aktivlərin açıq, şəffaf və ədalətli şəkildə satılması
üçün yaradılmış mərkəzləşdirilmiş elektron sistemdir.
Platforma vasitəsilə hərraclar onlayn rejimdə, bərabər
iştirak imkanları, operativlik və tam şəffaflıq
prinsipləri əsasında həyata keçirilir.Sistem
istifadəçilərə elektron imza ilə qeydiyyatdan keçmək,
əmlak seçimi, zamin məbləğinin ödənilməsi, təkliflərin
verilməsi və nəticələrin izlənilməsi kimi bütün
mərhələləri tam rəqəmsal şəkildə yerinə yetirməyə imkan
yaradır.Bu yanaşma dövlət əmlakının özəlləşdirilməsi
prosesində şəffaflığı artırır, rəqabətli mühiti
formalaşdırır və vətəndaşlara bərabər çıxış imkanı təmin
edir.
Qarabağ Rəqəmsal Geoinformasiya Sistemi
Qarabağ Rəqəmsal Geoinformasiya Sistemi işğaldan azad
edilmiş ərazilərdəki daşınmaz əmlak və infrastruktur
obyektləri barədə məlumatların etibarlı və
mərkəzləşdirilmiş elektron mühitdə toplanması, eləcə də
mina təmizləmə, təhlükəsizlik, şəhərsalma, ərazilərdən
istifadə, təbii resursların idarə olunması, ətraf
mühitin qorunması və bərpa işləri üzrə məlumatların
vahid rəqəmsal bazada inteqrasiyası və təhlilini təmin
etmək məqsədilə yaradılıb.Sistem işğaldan əvvəlki və
sonrakı dövrlər üzrə ziyanın qiymətləndirilməsi,
inventarlaşdırma, tematik xəritələrin hazırlanması və
hesabatlılıq imkanları yaradır
Ünvan Reyestri İnformasiya Sistemi
Ünvan Reyestri İnformasiya Sistemi daşınmaz əmlak
obyektlərinə ünvanların verilməsi, onların xəritədə
yerləşdirilməsi və məkana görə identifikasiyasını təmin
edir. Sistemin əsas məqsədi ölkə üzrə ünvan
məlumatlarının vahid elektron bazada toplanması və idarə
olunmasını təmin etməkdir. Hər bir obyektə unikal
identifikasiya nömrəsi və coğrafi koordinatlar təyin
olunur. Bu, obyektlərin dəqiq yerini müəyyənləşdirməyə
və axtarışı asanlaşdırmağa imkan verir. Ünvan Reyestri
İnformasiya Sistemi coğrafi informasiya
texnologiyalarına (GIS) əsaslanır və real xəritə
üzərində vizual təqdimat yaradır. İstifadəçilər
obyektlər haqqında məlumatları xəritə üzərindən baxa və
onların atribut məlumatlarına daxil ola bilirlər. Ünvan
məlumatlarının avtomatlaşdırılmış şəkildə yaradılması
insan səhvlərinin qarşısını alır. Məlumatlar dövlət
reyestrləri və digər informasiya sistemləri ilə
inteqrasiya olunmuş şəkildə işlənir. Bu, idarəetmə
proseslərinin şəffaflığını və səmərəliliyini artırır.
Ünvan Reyestri İnformasiya Sistemi həm dövlət orqanları,
həm də vətəndaşlar üçün etibarlı informasiya mənbəyi
kimi çıxış edir. Əmlakın dəqiq ünvanı və koordinatları
onun qeydiyyatı, vergi uçotu və planlaşdırma işləri üçün
əsas rol oynayır. Eyni zamanda, sistem yeni tikililərin
ünvanlaşdırılması prosesini sürətləndirir. Nəticədə,
ünvan məlumatlarının aktuallığı və dəqiqliyi təmin
olunur.
Milli Avtomatlaşdırılmış Əmlak Sistemi
Milli Avtomatlaşdırılmış Əmlak Sistemi dövlət əmlakının
qeydiyyata alınması, icarəyə verilməsi, özəlləşdirilməsi
və alqı-satqı proseslərinin qeydiyyatının aparıldığı
sistemdir. Sistemdə dövlət əmlakı haqqında məlumatlar,
alqı-satqı, icarə və özəlləşdirmə müqavilələri
məlumatları saxlanılır.
İpoteka Kağızının Elektron Sistemi
İpoteka Kağızının Elektron Sistemi Azərbaycan
Respublikası Nazirlər Kabinetinin «Daşınmaz əmlak
üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının
tərtib edilməsi Qaydası»nın təsdiq edilməsi haqqında 293
nömrəli Qərarına əsasən hazırlanmışdır. Sistemdə ipoteka
kağızlarının elektron formada yaradılması, həmçinin
onların qeydiyyat, əlavə qeydiyyat, indossament və xitam
proseslərinin tam elekronlaşdırılması həyata
keçirilmişdir. Eyni zamanda əvvəlki dövrlərdə ənənəvi
qaydada kağız daşıyıcıda verilmiş ipoteka kağızlarının
elektronlaşdırılması təmin edilmişdir.
ProPla - Layihə Planlama Sistemi
Propla - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi
və onun alt qurumlarının layihələrini, elektron
xidmətlərini, məlumat sistemlərini, biznes proseslərini
və analitika vasitələrini vahid hesabatlıq altında
birləşdirən rəqəmsal platformadır. Platforma bütün
sistemlərin hesabatlıqlarını vahid məkanda toplayaraq
dinamik hesabat paneli, analitik alətlər və çevik
idarəetmə imkanları təqdim edir. İstifadəçi və qurum
iyerarxiyasına uyğun məlumat gizliliyi təmin olunur,
dinamik məlumat və say hesabatları hazırlanır,
sorğuların yaradılması, hesabatların formalaşdırılması
və təsdiqlənməsi prosesləri sistemləşdirilir. Bundan
əlavə, Admin və istifadəçilər arasında birbaşa əlaqə
modulu operativ kommunikasiya və idarəetmə proseslərini
daha səmərəli edir
Elektron Xidmətlər Portalı
Elektron xidmətlər portalı İqtisadiyyat Nazirliyi və
onun tabeliyindəki qurumların bütün elektron
xidmətlərini vahid platformada birləşdirir. Portal
vasitəsilə vətəndaşlar və sahibkarlar xidmətlərə asan,
sürətli və şəffaf şəkildə çıxış əldə edə bilirlər.
Burada elektron kabinetlər, sənəd təqdimatı,
müraciətlərin izlənməsi və digər interaktiv imkanlar
təqdim olunur. Eyni zamanda, portal məlumat
təhlükəsizliyini və istifadə rahatlığını təmin edən
müasir texnologiyalarla dəstəklənir. Bu sistem vətəndaş
məmnuniyyətini artırır və dövlət xidmətlərinin
effektivliyini yüksəldir.
Müəssisə və Obyektlərin Elektron Bazası Sistemi
Müəssisə və Obyektlərin Elektron Bazası Sistemi, dövlət
qurumlarına məxsus bütün müəssisə və obyektlərin,
həmçinin onların icarə, balansa qəbul və balansdan
çıxarılma kimi idarəetmə proseslərinin vahid platformada
rəqəmsallaşdırılmış şəkildə uçotunu və idarə olunmasını
təmin edən mərkəzləşdirilmiş informasiya sistemidir.
Sistem əmlakla bağlı bütün məlumatların elektron formada
toplanmasını, yenilənməsini və izlənməsini mümkün edir,
axtarış və hesabatların operativ aparılmasına şərait
yaradır, xəritə üzərindən obyektlərin vizual
monitorinqini təmin edir və dövlət əmlakının idarə
olunmasında şəffaflığı, dəqiqliyi və qərarvermə sürətini
artırır.
Ünvan Portalı ölkəmizdə ünvan məlumatlarının vahid
platformada toplanması və idarə olunması üçün yaradılmış
ilk rəsmi rəqəmsal sistemdir. Portal Əmlak Məsələləri
Dövlət Xidməti tərəfindən Ünvan Reyestri İnformasiya
Sistemi (ÜRİS) bazasında hazırlanıb və ictimaiyyətə
təqdim edilib. Layihənin əsas məqsədi ünvan
məlumatlarının dəqiq, çevik və rəqəmsal şəkildə
istifadəçilərə çatdırılmasıdır. Yeni ünvanvermə
konsepsiyasına uyğun olaraq ünvanlar binalara deyil, hər
bir girişə ayrıca təyin olunur ki, bu da beynəlxalq
standartlara tam uyğunluq yaradır. Bu yanaşma ünvan
axtarışını sürətləndirir və operativ xidmətlərin işini
asanlaşdırır. ÜRİS çərçivəsində minlərlə küçə, prospekt,
yaşayış məntəqəsi və nəqliyyat infrastrukturu obyektinə
yeni adlar verilib və sistemə daxil edilib. Portal
vasitəsilə istifadəçilər ünvanı rayon, qəsəbə, küçə və
obyekt növünə görə rahatlıqla axtara bilirlər. Hər bir
ünvanın coğrafi koordinatları və xəritə üzərində dəqiq
yeri vizual şəkildə əks olunur. İstifadəçilər obyektin
sərhədləri, parsel məlumatları, yaxın infrastruktur və
ictimai obyektlər haqqında da məlumat əldə edə bilirlər.
Köhnə və yeni ünvanlar üzrə paralel axtarış imkanı
sistemin istifadəsini daha da rahatlaşdırır.
NECAS yeni elektron kadastr sistemi olub, əmlak
növlərinin qeydiyyatını və texniki pasportların elektron
şəkildə verilməsini təmin edir. Sistem vasitəsilə
vətəndaşlar və təşkilatlar əmlak haqqında məlumatları
rəqəmsal formada əldə edə və idarə edə bilirlər. NECAS
əmlakın qeydiyyatını sürətləndirir, sənəd dövriyyəsini
sadələşdirir və bürokrasiyanı azaldır. Elektron
pasportlar vasitəsilə əmlakın hüquqi statusu daha şəffaf
və etibarlı olur. Sistem həmçinin məlumat bazalarının
inteqrasiyasını təmin edir, əmlak üzərində hüquqların
dəqiq qeydiyyatına imkan yaradır. NECAS kadastr
məlumatlarının modernləşdirilməsi və
rəqəmsallaşdırılması ilə dövlət idarəçiliyində
effektivliyi artırır və vətəndaş məmnuniyyətini
yüksəldir.