“Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin rəsmi internet səhifəsi olan www.auksion.gov.az-ın yenilənmiş versiyasının təqdimatı keçirilmişdir. Yenilənmiş platforma hərrac proseslərinin daha effektiv idarə olunması, vətəndaşlar üçün əlçatanlığın artırılması və şəffaflığın təmin edilməsi məqsədilə hazırlanmışdır. Hərracların Təşkili Mərkəzi tərəfindən təşkil olunan bütün hərracların təşkili və idarə olunması artıq sistem üzərindən həyata keçiriləcəkdir. Bu yanaşma proseslərdə operativliyi artırmaqla yanaşı, şəffaflığa xələl gətirə biləcək halların qarşısının alınmasına xidmət edir. Sistemin modulyar strukturu aşağıdakı komponentlər əsasında qurulmuşdur:
1. Veb sayt modulu- İstifadəçilərin məlumatlandırılması, hərrac elanlarının yerləşdirilməsi və ümumi məlumat bazasına çıxış imkanı yaradır.
2. Elektron hərrac modulu:
- İnzibatçı modulu – sistemin idarə olunması, hərracların yaradılması və nəzarət mexanizmlərinin həyata keçirilməsi üçün nəzərdə tutulub.
- Mənim kabinetim” modulu – istifadəçilərin şəxsi hesablarının idarə olunması, müraciət və iştirak tarixçəsinin izlənilməsi imkanı yaradır.
- Hərrac modulu– real vaxt rejimində hərraclarda iştirak, təkliflərin verilməsi və nəticələrin izlənilməsini təmin edir.
Bundan əlavə, sistemin mobil versiyası da hazırlanmışdır. Mobil platforma vasitəsilə hərracların təşkili və idarə olunması, eləcə də vətəndaşların hərraclarda rahat iştirakı mümkündür. Android əməliyyat sistemi üçün hazırlanmış mobil tətbiq artıq Play Market üzərindən istifadəçilərə təqdim edilmişdir.
Yenilənmiş sistem rəqəmsal həllər vasitəsilə hərrac proseslərinin daha müasir, şəffaf və əlçatan formada həyata keçirilməsini təmin edir.