Qarabağ Rəqəmsal Geoinformasiya Sistemi işğaldan azad edilmiş ərazilərdəki daşınmaz əmlak və infrastruktur obyektləri barədə məlumatların etibarlı və mərkəzləşdirilmiş elektron mühitdə toplanması, həmçinin dövlət qurumları, özəl sektor, hüquqi və fiziki şəxslər tərəfindən aidiyyəti üzrə planlaşdırılan, layihələndirilən və həyata keçirilən mina təmizləmə, təhlükəsizlik, idarəetmə, ərazilərdən istifadənin planlaşdırılması və şəhərsalma, məskunlaşma, təbii resurslardan istifadə və ətraf mühitin qorunması, infrastruktur, iqtisadiyyatın bərpası və dayanıqlı inkişafı sahələrində tədbirlər barədə məlumatların inteqrasiyası əsasında vahid rəqəmsal məkanda toplanılması, emalı və səmərəli istifadəsinin təmin edilməsi, beynəlxalq ekspertlərin işğaldan əvvəlki dövr və indiki dövrlər arasında olan fərqi və dəymiş ziyanı təsbit etməsi məqsədilə yaradılıb.
Sistem vasitəsi ilə işğaldan əvvəlki dövr və hazırkı dövr ərzində dəymiş ziyanın hesablanması üçün inventarlaşdırma işləri aparmaq, müqayisəli hesabatlar tərtib etmək, əl ilə və ya avtomatik şəkildə coğrafi məlumatların sistemə əlavə edilməsi, dinamik hesabatlılıq, tematik xəritələr, xəritələrin müqayisəsi kimi funksionallıqlar mövcuddur. Dövlət qurumlarının sistemdən istifadəsi xüsusi dövlət rabitə şəbəkəsi üzərindən təmin olunmuş, 30 dövlət qurumu ilə fiberoptik şəbəkə üzərindən data kanal yaradılmışdır.
Sistemdə məlumatların daxil edilməsi, servislər, rəqəmsal xəritə, axtarış, hesabatlılıq, istifadəçilərin və iştirakçıların idarəedilməsi, miqrasiya və media faylların idarəedilməsi, tikililərin müvəqqəti reyestri modulları hazırlanmışdır.
Son dövrdə sistemin istifadəçi ekranı, admin paneli və hesabatlar ingilis dilinə tərcümə edilmişdir.