Azərbaycan iş adamları İordaniyada işgüzar səfərdə olub. İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, ölkəmizin İordaniyadakı Səfirliyi ilə əlaqələndirilməklə baş tutan səfərin məqsədi Azərbaycan və İordaniyanın iş adamları və müvafiq qurumları arasında əlaqələrin genişləndirilməsi, birgə biznes və investisiya layihələrinin reallaşdırılması imkanlarının, ticarət əlaqələrinin inkişafı və İordaniya bazarına çıxış perspektivlərinin müvafiq qurumlarda müzakirə olunması idi.
Azərbaycan nümayəndə heyətinə ölkəmizdə biznesə dəstək göstərən müvafiq qurumların, biznes assosiasiyaların nümayəndələri, eləcə də kənd təsərrüfatı, qida, turizm, səhiyyə, təhsil sektorlarında fəaliyyət göstərən və idxal-ixrac əməliyyatları ilə məşğul olan iş adamları daxil idi.
İordaniyaya səfər çərçivəsində Əmman şəhərində İordaniya-Azərbaycan İqtisadiyyat və İnvestisiya Forumu keçirilib.
Forumda Azərbaycan tərəfindən kənd təsərrüfatı, turizm, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib. İordaniya tərəfi də biznes forumda müvafiq sahələrdə fəaliyyət göstərən iş adamları ilə təmsil olunub.
Forumda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə aparılan uğurlu iqtisadi islahatlar, sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, KOBİA-nın dəstək mexanizmləri barədə tədbir təşkilatçılarına məlumat verib. İordaniyanın investisiya naziri Kheiry Amr, İordaniya İş Adamları Assosiasiyasının sədri Hamdi Tabbaa, Azərbaycan Respublikasının İordaniyadakı səfiri Eldar Səlimov və İordaniyanın ölkəmizdəki səfiri Sami Asem Ğoşeh ölkələrimiz arasındakı iqtisadi-ticarət əlaqələrinə, biznes və investisiya potensialına, birgə əməkdaşlıq imkanlarına dair fikir və təkliflərini bölüşüblər.
Tədbirdə Azərbaycanda biznesi dəstəkləyən qurumların – KOBİA, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası, Azərbaycan Qida və İçki İstehsalçıları Assosiasiyasının rəhbərləri və digər iş adamları biznes və ticarət sahəsində əməkdaşlıq perspektivləri, Azərbaycanda biznes imkanları, iş adamlarının şəbəkələşməsi barədə təqdimatlarla çıxış ediblər.
İordaniyanın İnvestisiya Nazirliyi, Sosial İnvestisiyaların Müdafiəsi Fondu, İordaniyanın Azad İnkişaf Zonaları Qrupu tərəfindən bu ölkənin biznes imkanları, əməkdaşlıq üçün sektorlar, Azərbaycan sahibkarları ilə birgə layihələrin icrası barədə məlumat verilib.
Forum çərçivəsində KOBİA və İordaniya İş Adamları Assosiasiyası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.